O ki qaldı, şəhərin sənaye potensialına, son illərdə Sumqayıt sənaye baxımından çox uğurla inkişaf edir. Burada bir çox önəmli layihələr icra edilibdir. Sumqayıt Texnologiyalar Parkı uzun illərdir ki, fəaliyyət göstərir. Burada 10-dan çox zavod fəaliyyət göstərir. Ondan sonra Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Yüzlərlə hektar torpağı əhatə edən bu böyük ərazidə bütün infrastruktur layihələri, təmizləmə işləri dövlət xətti ilə aparılmışdır və sonra dövlət və özəl sektor orada investisiya qoymağa başlamışlar.
Sumqayıtda Azərbaycan sənayesinin flaqmanları sayılan iki nəhəng sənaye müəssisəsi inşa edilib - polimer və karbamid zavodları. Bu müəssisələr həm daxili tələbatı tam ödəyəcək, eyni zamanda, böyük ixrac imkanları yaranıb. Bu ixracın əhəmiyyəti ondadır ki, bu, qeyri-neft ixracıdır. Bizim də əsas məqsədimiz qeyri-neft sənayesini inkişaf etdirmək və qeyri-neft ixracını artırmaqdır.
Bildirməliyəm ki, indi dünyada böhranlı vəziyyətdir, demək olar, ölkələr arasındakı iqtisadi əlaqələr müəyyən dərəcədə zədələnib və iqtisadi fəallıq bütün dünyada aşağı düşüb. Buna baxmayaraq, üç ayda Azərbaycanda qeyri-neft sənaye sahəsində artım 23 faizdir. Bunun böyük hissəsi yeni yaradılmış sənaye müəssisələrinin hesabınadır. Beləliklə, biz bu müəssisələri yaratmaqla həm daxili tələbatı ödəyirik, idxaldan asılılığı aradan götürürük, həm də vətəndaşları işlə təmin edirik. Artıq Sumqayıtda minlərlə yeni iş yeri yaradılıb. Son illər ərzində Sumqayıtda bütün sənaye və infrastruktur obyektlərinin açılışlarında mən şəxsən iştirak etmişəm. Son 16 il ərzində bəlkə də 30 dəfəyə yaxın Sumqayıtda olmuşam və şəhərin inkişafı ilə bağlı şəxsən maraqlanıram, bütün məsələləri nəzarətdə saxlayıram.
https://president.az/articles/37015