Oktyabr ayının sonundan etibarən başlayan və istehsalatda planlı fasilə ilə müşayiət olunan TTXƏT (təftiş, texniki xidmət və əsaslı təmir) işləri uğurla tamamlandı. 200-dən çox əməkdaşımızın, habelə 18 yerli və 16 xarici şirkət olmaqla ümumilikdə 34 şirkətdən mütəxəssis heyətinin iştirak etdiyi genişmiqyaslı təmir işləri zavodun qarşıdakı illərdə daha təhlükəsiz, effektiv və davamlı istismarına şərait yaradacaq. TTXƏT prosesi çərçivəsində hər iki qurğuda quraşdırılmış reaktorlarda təmizlik işləri görüldü, ekstruder avadanlığının və 27 ədəd elektrik mühərrikinin, həmçinin UPS sistemlərinin əsaslı təmiri ilə birlikdə ümumilikdə 22 növ modifikasiya işi uğurla həyata keçirildi. Təmir prosesində ən yüksək təhlükəsizlik standartlarına riayət olundu, bütün əməliyyatlar təhlükəsizlik prosedurlarına uyğun şəkildə həyata keçirildi. Təmir zamanı hər mərhələnin peşəkarlıqla planlaşdırılması TTXƏT prosesinin ayrılmış müddət ərzində uğurla tamamlanmasını təmin etdi.