logo
ENGRUS

SOCAR Polymer Qurban bayramında aztəminatlı ailələri sevindirdi

SOCAR Polymer Müqəddəs Qurban bayramı münasibətilə Qızıl Aypara Cəmiyyətinin (QAC) Sumqayıt şəhər bölməsi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi xeyriyyə tədbirin birində iştirak etdi. 

COVİD-19 təhlükəsi ilə əlaqədar olaraq karantin məhdudiyyətlərinin tətbiq olunduğu şəraitdə ahılların və aztəminatlı ailələrin əvvəlkindən daha çox dəstəyə ehtiyacı var.

SOCAR Polymer şirkəti artıq 4 ildir ki yaxından əməkdaşlıq etdiyi QAC Sumqayıt şəhər bölməsinin yardım çağırışını bu il də cavabsız qoymadı və Sumqayıt QAC-ın qeydiyyatında olan ahıl və bu qəbildən olan insanların süfrəsinə bayram sovqatı bəxş etdi.

SOCAR Polymer şirkətinin bu xeyriyyə tədbiri üçün ayırdığı maliyyə vəsaiti 137 ailəni əhatə etdi. Şirkətimiz iri supermarketlərdən biri ilə müqavilə bağlayaraq, qurban əti ilə yanaşı hər ailənin bayram süfrəsinə aşın da qoyulması üçün zəruri olan ərzaqlardan ibarət bayram sovqatları hazırladı. 3 avqust tarixində karantin vəziyyətinin bütün tələblərinə riayət olunmaq şərtilə təşkil olunmuş tədbirdə bayram sovqatı və qurban əti 137 ehtiyaclı ailəyə paylanıldı. Tədbirdə iştirak edə bilməmiş şəxslərin bayram payı isə evlərinə çatdırıldı.

Tədbirdə çıxış edən Sumqayıt QAC-ın sədri Mətanət Məhərrəmova bütün iştirakçıları Qurban bayramı münasibətilə təbrik etdi və SOCAR Polymer şirkətinin rəhbərliyinə və çalışanlarına öz və ahıllar adından dərin minnətdarlığını çatdırdı.