Zavoddakı avadanlığın təhlükəsiz və etibarlı surətdə işləməsinin təmin olunması məqsədi ilə istismar şöbəsinin həyata keçirdiyi kompleks fəaliyyətlərə istismar işləri deyilir. Zavodun istismar şöbəsinin personalı texnoloji proseslərə və avadanlıq tərtibatının dəyişdirilməsinə operativ nəzarət təmin edən bir qrup səlahiyyətli mütəxəssisdən ibarətdir. Bu kollektivə menecerlər, operatorlar və texniklər də daxildir.
Zavod operatorları personala nəzarət daxil olmaqla obyektdəki bütün istehsal prosesinə nəzarət edir. Zavoddakı bütün işçilərin ahəngdar çalışmasını təmin etmək üçün operatorlar öz fəaliyyətini texniki mütəxəssislər və nəzarət personalı ilə əlaqələndirir. Onların məqsədi avadanlığın ahəngdar işləməsini və zavodun keyfiyyətli məhsul buraxmasını təmin etməklə istehsalatın keyfiyyət, səmərə və təhlükəsizlik səviyyəsinin artırılmasından ibarətdir. Zavod operatorları əsasən onların öhdəsində olan avadanlığa nəzarət edir. Operatorlar həm NÖC-lərə nəzarət edir, həm onların saz vəziyyətdə olmalarını təmin edir, həm də lazım gəldikdə texniki xidmət qrafiklərini tərtib edir və əlaqələndirir. Eyni zamanda operatorlar avadanlığın qəza halında dayandırılması və ya avadanlıqla digər müvafiq qaydada rəftar edilməsi üçün cavabdehlik daşıyır.
Zavod operatorları həm də digər inzibati tapşırıqlar yerinə yetirir. Məsələn, onlar keçirilən sınaqların nəticələrini və avadanlığın istismarına aid digər verilənləri qeydə alır. Operatorlar sınaqlar zamanı əldə edilən nəticələri nəzarətdə saxlayır və lazım gəldikdə istehsal prosesinə müvafiq düzəlişlər təklif edir və ələ edilən nəticələr barədə supervayzerlərə və digər rəhbər işçilərə məruzə edir. Bilavasitə iş yerlərində iş təcrübəsinin əldə edilməsi zavod operatorlarının peşəkar inkişafı və karyera yüksəlişi baxımından çox vacibdir.