Texniklər zavodun təhlükəsiz və etibarlı surətdə fəaliyyət göstərməsini təmin edən texniki xidmət qrupunun ayrılmaz bir hissəsidir. Texniki xidmət qrupunun 3 fəaliyyət istiqaməti vardır: nəzarət-ölçü cihazları və avtomatlaşdırma, elektrotexniki işlər və mexaniki avadanlıqlara texniki xidmətin göstərilməsi. Elektrotexniklər elektriklə işləyən istənilən avadanlıq və ya cihazlarda istifadə olunan elektron və elektrik komponentlərin yaradılması, təmiri və texniki qulluq göstərilməsi ilə məşğul olur. Elektrotexniklər müxtəlif əl alətləri və NÖC-lərdən istifadə edərək elektrik avadanlıqları, elektrik sistemləri və ya onların prototiplərini yığıb quraşdırırlar; xüsusi təyinatlı ölçü və diaqnostika vasitələrindən istifadə edərək elektrik avadanlıqlarının istismar göstəricilərini ölçür və iş göstəricilərini qiymətlərndirir; NÖC avadanlığı yaradır və kalibrləşdirir; göstəricilərin oxunması sxemləri əsasında elektron cihazlar yaradır, onlarda qüsurların olub-olmamasını yoxlayır, nasazlıqları aradan qaldırır, köhnə avadanlıqları təmir və ya əvəz edir, yeni avadanlıqlar quraşdırır və bir çox digər vəzifələr yerinə yetirir.
Neft-kimya zavodları sərfiyyat və təzyiq göstəricilərini tənzimləmək, istehsalın monitorinqi, elektrik enerjisi istehlakına nəzarət və istehsalat təhlükəsizliyin təmin olunması baxımından son dərəcə dəqiq nəzarət-ölçü cihazları və monitorinq avadanlığı tələb edən sənaye sektorlarına aid edilir. NÖC texnikləri sənaye sahələrində və tikililərində atmosfer və iqlim dəyişikliklərinin monitorinqini aparır. Baş verən dəyişiklikləri qeydə almaq məqsədi ilə onlar müxtəlif NÖC-lərdən və digər cihazlardan istifadə edir. Onlar monitorinq zamanı istifadə olunan cihazları sınaqdan keçirir, onları kalibrləşdirir, quraşdırır, təmir və təftiş edir.
Bununla yanaşı texniklər həm də avadanlığa ümumi texniki xidmət göstərir və yeni ölçü və qeydedici avadanlığın layihələrini işləyib hazırlayır. Şəbəkələrdə baş verə bilən nasazlıqları diaqnostika etmək məqsədi ilə onlar hər gün elmi və analitik kompüter proqram təminatları, hesab maşınları, gərginlik və cərəyan ölçən cihazlar və elektron datçıklərlə təmasda olur. “SOCAR Polymer” zavodlarında istifadə olunan nəzarət-ölçü cihazları üzrə texniki mütəxəssislər konkret olaraq zavodun NÖC və avtomatlaşdırma cihaz və avadanlıqlarına həm planlı surətdə, həm də qəza halında texniki xidmətin göstərilməsi üçün cavabdehlik daşıyır.
Müəssisənin işgüzar məqsəd və hədəflərinin əldə edilməsi üçün texnik-mexaniklər təhlükəsizlik, proqnoz/istehsalat sistemi və prosedurların tələblərinə uyğun olaraq istehsalat avadanlığının quraşdırılması, nasazlıqların aradan qaldırılması, təmir və texniki xidmətin göstərilməsi üçün cavabdehlik daşıyır. “SOCAR Polymer” zavodunda texnik-mexaniklər hər şeydən əvvəl fırlanan komponentləri olan habelə statik avadanlıqlara texniki xidmətin göstərilməsi üçün cavabdehlik daşıyır.