SİTAT

Azərbaycan Respublikasının Prezidenti SOCAR Polymer haqqında

Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda İlham Əliyevin yekun nitqindən03 Fevral 2020
Eyni zamanda, bizdə sənaye sahəsində də hazır məhsulun buraxılması məsələsi gündəlikdədir. Məsələn, “SOCAR Polymer” zavodu istifadəyə verildi və indi biz polimerləri xaricə ixrac edirik. O ölkələrə ixrac edirik ki, həmin ölkələr ondan hazır məhsul istehsal edir, bizə satır. Ona görə biz özümüz burada klasterləri yaratmalıyıq və lazım olarsa, dövlət dəstək göstərəcək ki, polimerdən məhsullar Azərbaycanda istehsal olunsun, pul ölkəmizdə qalsın. Ona görə bu məsələyə də diqqət yetirmək lazımdır.

https://president.az/articles/35706
Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə İlham Əliyevin nitqindən21 Noyabr 2019
Sumqayıt Kimya Sənaye Parkında 20 rezident var. Qoyulmuş sərmayə milyardlarla dollar səviyyəsindədir. Onların arasında dövlət xətti ilə tikilmiş “SOCAR Polymer”, karbamid və digər zavodlar var. Özəl sektor da çox böyük maraq göstərir. Ona görə Sumqayıt bu gün müasir sənaye şəhəridir, Cənubi Qafqazın ikinci sənaye şəhəridir. Sumqayıt müəssisələrində ildə təqribən 2 milyard manatlığa yaxın məhsul istehsal olunur. Ona görə Sumqayıt bundan sonra da müasir sənaye şəhəri kimi inkişaf edəcək.

https://president.az/articles/34894
İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədən31 İyul 2019
İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, “SOCAR Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır.

https://president.az/articles/33941
“SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı18 İyul 2018
“…Polipropilen zavodunun istifadəyə verilməsi və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsi nəticəsində Azərbaycanın ixrac potensialı böyük dərəcədə artacaq. Hər iki zavodda hər il 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Beləliklə, Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək və ölkəmizin böyük həcmdə qeyri-neft ixracı yaradılacaqdır. Bizim iqtisadi sahədə və sənaye istehsalı sahəsində məqsədimiz məhz bundan ibarətdir. Biz bu zavodun timsalında Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi və sənaye siyasətini görürük…

Azərbaycanın qeyri-neft sektorunun inkişafına zavodun çox böyük dəstəyi olacaqdır. Əminəm ki, zavodun fəaliyyəti nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri yaradılacaq. Çünki bu zavodda buraxılan xammaldan hazır məhsul istehsal olunacaq və Azərbaycan o məhsulun da idxalından asılılığı aradan götürəcək…”


https://president.az/articles/29502
Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas08 İyul 2018
“Sənayenin inkişafı ilə bağlı yaxın gələcəkdə iki böyük zavod işə düşəcək. Hər iki zavod Sumqayıtda yerləşir - polimer zavodu və azot gübrələri zavodu. Bu zavodlar həm daxili bazarı tam təmin edəcək, idxaldan asılılıq aradan qaldırılacaq və böyük ixrac imkanımız yaranacaqdır. Bu zavodların işə düşməsi deyə bilərəm ki, müstəqillik dövründə sənaye sahəsində çox önəmli hadisələr olacaqdır.”

https://president.az/articles/29335
Nazirlər Kabinetinin ilin 1-ci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası09 Aprel 2018
“Bu il bizim sənaye inkişafımızı böyük dərəcədə gücləndirəcək iki nəhəng zavod işə düşəcəkdir – “SOCAR Polymer” və azot gübrələri zavodları.”

https://president.az/articles/27793
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans29 Yanvar 2018
“Sənaye istehsalı ilə bağlı bu il çox önəmli açılışlar olacaq. Mən onların arasında Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələri qeyd etmək istəyirəm…

Bu il isə “SOCAR Polymer” və gübrə zavodlarının açılışı nəzərdə tutulur. Bu iki müəssisə nəinki daxili tələbatı tam ödəyəcək, eyni zamanda, böyük ixrac imkanlarına da malik olacaq. Bu iki zavodun ümumi ixrac imkanları hər il 100 milyonlarla dollar həcmində olacaqdır. Eyni zamanda, xüsusilə “SOCAR Polymer” zavodu kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək. Çünki xammaldan məhsullar Azərbaycanda istehsal olunacaq. Polimer elə bir məhsuldur ki, indi bir çox məişət və ya sənaye materialının yaradılmasında rol oynayır. Ona görə özəl sektor da diqqətli olsun. Zavod işə düşən kimi dərhal yerli sənaye istehsalı yaradılmalıdır.”

https://president.az/articles/26840
Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş15 Dekabr 2017
“Bu gün Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisə fəaliyyətə başlayır, bir neçə müəssisənin isə təməli qoyulub... Bir gündə Sumqayıtda, görün, yeddi müəssisəyə təkan verilir, onların fəaliyyəti təmin edilir. Əgər biz Sumqayıt Kimya Parkının digər rezidentlərini də əlavə etsək, görərik ki, bu, doğrudan da dünya miqyasında böyük bir sənaye mərkəzidir.

Çünki hazırda “SOCAR Polymer” və karbamid zavodlarının tikintisi davam edir. Bu iki layihənin ümumi sərmayə həcmi 1 milyard 700 milyon dollardır. Bu, bizə imkan verəcək ki, həm yerli istehsalı, yerli xammalı təmin edək, həm də ki, böyük ixrac imkanları yaradılacaq.”

https://president.az/articles/26373
Nazirlər Kabinetinin ilin 1-ci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclası10 Aprel 2017
“Mən sahibkarların diqqətini böyük bir layihəyə cəlb etmək istəyirəm. Bu, Sumqayıt Kimya Sənaye Parkında yaradılmaqda olan “SOCAR Polymer” zavodudur. Bu, çox nəhəng sənaye müəssisəsidir, yüz milyonlarla dollar sərmayə qoyulur və çox gözəl məhsul istehsal edəcək. Bu məhsul əlbəttə, həm daxildə istifadə olunacaq, həm də ixracyönümlüdür. Ancaq mən qeyd etməliyəm ki, bu xammalın əsasında çox ciddi bir sənaye sahəsi yaradıla bilər. Biz demək olar ki, indi bütün hazır plastik məhsulları xaricdən idxal edirik. Ancaq “SOCAR Polymer”in işə düşməsindən sonra Azərbaycanda hazır məhsul istehsal etmək üçün yaxşı imkanlar yaranır və bu, biznes üçün də çox gəlirli bir sahə olacaq. Ona görə, bizim dövlət qurumlarına müraciət edirəm, onlar sahibkarlara bunu daha da yaxşı başa salsınlar ki, “SOCAR Polymer”in bir çox hazır məhsulu əsasında zavodlar, fabriklər yaradıla bilər. Bu, həm yeni iş yerlərinin yaradılması deməkdir, həm də sahibkarlara əlavə gəlir gətirəcək və bizim ixrac məhsulumuz da daha böyük qiymətə xarici bazarlara çıxarılacaq. Əgər belə olmasa, “SOCAR Polymer”in məhsulu ancaq xammal kimi xaricə satılacaq. Əlbəttə, bu da yaxşı haldır, amma əminəm ki, mənim məsləhətim nəzərə alınacaqdır.”

http://president.az/articles/23317