Xarici şirkətlərlə təcrübə mübadiləsi çərçivəsində qonaqların “SOCAR Polymer” zavoduna səfərinin bir hissəsi olaraq irimiqyaslı yanğın-taktiki təlim keçirildi. Təlimin məqsədi müəssisəmizin fövqəladə hallara hazırlıq səviyyəsini, daxili bölmələr arasında koordinasiyanı və operativ cavabvermə qabiliyyətini nümayiş etdirmək idi.
Ssenariyə əsasən, “Xrom Katalizatorunun Aktivləşdirilməsi” sahəsinin binasında şərti partlayış və yanğın səhnələşdirildi, yağış suları quyusunda “əməkdaş”ın huşunu itirməsi maneken vasitəsilə simulyasiya edildi. Hadisə yerinə təcili gələn Könüllü Yanğından Mühafizə Dəstəsi dərhal müdaxilə edərək manekeni quyudan təhlükəsiz şəkildə təxliyə etdi və məsul şəxsləri məlumatlandırdı.
Fövqəladə Hallar Komissiyası qərargahda toplanaraq FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətlərinin qüvvələrinin cəlb olunmasına qərar verdi. Yanğınsöndürmə bölmələri şərti yanğını lokallaşdırdı və söndürdü, xilasetmə komandaları isə binanın birinci və ikinci mərtəbələrindən manekenləri təhlükəsiz şəkildə yer səviyyəsinə endirdi və tibbi personalın təhvilinə verdilər.
Təlim qonaqlar tərəfindən yüksək qiymətləndirildi, müəssisəmizin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksək olduğunu və komanda işinin effektiv şəkildə təmin olunduğunu bir daha göstərdi.