2025-ci ildə “SOCAR Polymer” zavodunda aşağıdakı modifikasiyalar uğurla tətbiq olunmuşdur:
- YSPE polimerləşmə qurğusunda izobutan quruducusuna yardımçı xəttin quraşdırılması nəticəsində izobutanın doldurma sürəti saatda 1,5 tondan 3 tona qədər artırılmışdır. Eyni zamanda, təmir-bərpa işlərindən sonra xammalın keyfiyyəti qorunmaqla reaktorun ümumi doldurulma müddəti 50% azaldılmış və nəticədə reaktorun istehsala qayıtma vaxtı optimallaşdırılmışdır.
- YSPE polimerləşmə qurğusunun so-katalizator sahəsində texniki qulluq əməliyyatlarından əvvəl, piroforik (TEAL) mayenin mineral yağ vasitəsilə təhlükəsiz yuyulmasını təmin etmək məqsədilə istismarda olan elastik borular (şlanqların hər dəfə açılıb-bağlanması ilə birləşmələri) vahid manifold üzərində daimi metal borularla əvəz edilmişdir.
Modifikasiyadan öncə, hər dəfəsində beş ayrı texniki birləşmə nöqtəsində həyata keçirilən “proses mayesindən təmizləmə” əməliyyatları manifold vasitəsilə bir mərkəzi koordinasiya nöqtəsində cəmləşdirilmişdir.
Nəticədə, prosesə hava/oksigen təmasının qarşısı alınmış, texniki təhlükəsizlik səviyyəsi artırılmış, fiziki əməliyyatların sayı və həcmi azaldılmış, həmçinin işlərin icra müddəti optimallaşdırılmışdır.
- YSPE polimerləşmə qurğusunda LPSR (həlledicinin aşağı təzyiqdə bərpası sistemi) çərçivəsində üfürücü qurğu üçün avadanlıqdan yan keçməklə (“bypass” prinsipi əsasında) işləyən əvəzləyici xətt quraşdırılmışdır. Bu xəttin istismara verilməsi avadanlığın qəza və ya texniki xidmət hallarında prosesin dayandırılmadan davam etdirilməsinə imkan yaratmış, nəticədə istehsalın fasiləsizliyi təmin edilmiş və sistemin ümumi etibarlılığı artırılmışdır.
- YSPE qranulalarının istehsalında vacib rol oynayan ekstruder qurğusuna aid olan polimer kəsmə blokunun plitəli istilik dəyişdiricisinin təkmilləşdirilməsi mühəndis hesabatları nəticəsində tətbiq edilmiş və plitələrin sayının optimallaşdırılması sayəsində soyutma suyunun axın sürəti artırılmış, istilik dəyişdiricisində ərplənmə və digər çirklənmə hallarının sayı əhəmiyyətli dərəcədə azaldılmışdır. Nəticədə, profilaktik texniki qulluq arasında intervallar ikiqat artırılmış, ekstruder qurğusunun fasiləsiz stabil istismarı təmin olunmuşdur.