SOCAR POLYMER

Elmin inkişafına dəstək tədbirlərimizdə mühüm yenilik

“SOCAR Polymer” in ilboyu təhsil müəssisələrinə həyata keçirdiyi dəstək təşəbbüsləri çərçivəsində növbəti mühüm yenilik reallaşdırıldı. Belə ki, Sumqayıt Dövlət Universitetinin 3 nəfər IV kurs bakalavr və 3 nəfər I kurs magistrantının elmi-tədqiqat işlərinə “SOCAR Polymer”in laboratoriya şöbəsinin mütəxəssisləri tərəfindən elmi rəhbərlik ediləcək.

Bu əməkdaşlıq çərçivəsində zavod ərazisində təşkil olunan ilk görüşdə universiteti təmsil edən 7 nəfərlik tələbə-müəllim heyəti iştirak etdi. Qonaqlar “SOCAR Polymer” laboratoriyasının fəaliyyəti ilə yaxından tanış olaraq burada aparılan analizlər, istifadə olunan metodlar və tətbiq edilən beynəlxalq standartlar barədə ətraflı məlumat əldə etdilər. Görüş qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam etdi.

Sözügedən təşəbbüs tələbələrin praktiki bilik və vərdişlərinin artırılması, elmi araşdırmaların real istehsalat mühiti ilə əlaqələndirilməsi və sənaye–universitet əməkdaşlığının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.