SOCAR POLYMER

“Kimya mühəndisləri” cəmiyyəti üzvləri üçün “SOCAR Polymer” zavoduna səfər təşkil edildi

Bakı Mühəndislik Universitetinin müəssisələrlə əlaqələr və karyera mərkəzinin təşəbbüsü ilə “Kimya mühəndisləri cəmiyyəti”nin üzvləri üçün “SOCAR Polymer” zavodu ərazisinə səfər təşkil edildi. 20 tələbə və 2 müəllimin iştirakı ilə həyata keçirilən səfər çərçivəsində qonaqlar zavodun laboratoriya, idarəetmə otağı, qablaşdırma bölməsi və hazır məhsul anbarını ziyarət etdilər. “SOCAR Polymer” əməkdaşları tələbələrə polimerləşmə prosesini və ümumi istehsal mərhələlərini ətraflı izah etdilər, gecə-gündüz davam edən istehsal prosesinin idarə edilməsi imkanlarını və keyfiyyətin necə təmin olunduğunu nümayiş etdirdilər.
Zavod səfəri tələbələrə nəzəri biliklərini praktik təcrübə ilə əlaqələndirmək, sənaye mühiti ilə yaxından tanış olmaq və polimer sənayesində müasir istehsal proseslərini öyrənmək imkanı yaratdı.
“SOCAR Polymer” belə təşəbbüslərlə gələcək nəsil mühəndislərinin inkişafına dəstək göstərməkdən və təhsilin praktik tərəfinin gücləndirilməsinə töhfə verməkdən məmnunluq duyur.