SOCAR POLYMER

“SOCAR Polymer”in laboratoriyası Beynəlxalq Akkreditasiya Sertifikatı qazandı

"SOCAR Polymer" şirkətinin laboratoriyası beynəlxalq akkreditasiya prosesini uğurla tamamlayaraq rəsmi olaraq akkreditə olundu. Bu mühüm nailiyyət, müəssisənin təqdim etdiyi analiz və sınaq nəticələrinin qlobal standartlara tam uyğunluğunu, yüksək dəqiqliyini və etibarlığını təsdiq edir.

Akkreditasiya prosesi müddətində laboratoriyada tətbiq edilən metodologiyaların, ölçmə sistemlərinin, idarəetmə mexanizmlərinin hər biri, habelə avadanlıqların kalibrasiya səviyyəsi və nəticələrin izlənəbilərliyi beynəlxalq ekspertlər tərəfindən ciddi şəkildə qiymətləndirildi. Aparılan detallı yoxlamalar və dərin təhlillər “SOCAR Polymer” laboratoriyasının texniki kompetensiyasını, sınaq nəticələrinin obyektivliyini və idarəetmə sistemlərinin mükəmməl işləməsini rəsmi qaydada təsdiqlədi.

Bu akkreditasiya, “SOCAR Polymer”in illərdir qurduğu keyfiyyət mədəniyyətinin, davamlı inkişaf strategiyasının və peşəkar komanda əməyinin real nəticəsidir. Azərbaycanın PP və YSPE üzrə yeganə istehsalçısı olaraq, “SOCAR Polymer” bu nailiyyətlə yalnız özünün etibarlıq səviyyəsini yüksəltmir — eyni zamanda ölkənin sənaye sektorunda laboratoriya sınaqlarına dair yeni etalon formalaşdırır.

Laboratoriyanın beynəlxalq akkreditasiyası şirkətin məhsullarının keyfiyyət göstəricilərinin dünyada tanınmasını təmin edir və “SOCAR Polymer”in müştəri məmnuniyyəti, təhlükəsizlik və innovasiya sahəsindəki öhdəliklərini daha da gücləndirir. Bu uğur, həmçinin “SOCAR Polymer”in Azərbaycan sənayesinin inkişafında oynadığı strateji rolu bir daha önə çıxarır.

Bu nailiyyətin əldə olunması komanda səylərinin nəticəsidir. SOCAR Polymer olaraq laboratoriya imkanlarımızın daha da genişləndirilməsi istiqamətində fəaliyyətlərimizi davam etdiririk.