SOCAR POLYMER

“SOCAR Polymer” zavodunda “Yüksəklikdən xilasetmə” təlimi keçirildi

“SOCAR Polymer” zavodunda hündürlükdə baş verə biləcək fövqəladə hadisələr zamanı Fövqəladə Hallara Reaksiya Komandasının (ERT) hazırlıq səviyyəsini və çevikliyini, sahə işçiləri, nəzarət otağındakı operatorlar və tibbi heyət arasında koordinasiyanı, eləcə də xilasetmə avadanlıqların prosedurlara uyğun şəkildə istifadəsini qiymətləndirmək məqsədilə tətbiqi təlim təşkil olundu.
Hadisə ssenarisinin real vəziyyəti əks etdirməsi üçün təlimdə real insan əvəzinə maneken istifadə edildi. Ssenariyə əsasən, PP Soyutma qülləsinin təxminən 10–15 metr hündürlüyündə işləyən bir işçi huşunu itirir. Hadisə yerində olan digər işçi dərhal bu barədə idarəetmə otağına məlumat verir və xilasetmə prosesi operativ surətdə başlayır.
Xilasetmə qrupu xüsusi avadanlıqlardan (xilasetmə eniş qurğusu və düşməyə qarşı mühafizə sistemlərindən) istifadə edərək “huşsuz” vəziyyətdə olan manekeni təhlükəsiz şəkildə aşağı endirir. Daha sonra maneken dərhal tibbi heyətə təhvil verilir və simulyasiya davam etdirilir.
Tibbi personal hadisə yerində boyunun hərəkətsizləşdirilməsi üçün servikal yaxalığı tətbiq edir, manekeni xüsusi xərək üzərinə bərkidir və təcili yardım maşınına yerləşdirərək tibbi məntəqəyə təxliyəsini həyata keçirir.
Bu cür təlimlər “SOCAR Polymer”də fövqəladə hallara hazırlığın və təhlükəsizlik mədəniyyətinin daim gücləndirilməsinə xidmət edir.