“SOCAR Polymer” laboratoriyasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin kimyaçı ekspertləri üçün ixtisasartırma təlimi təşkil olundu.
Təlim “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş” və 2025-ci il üzrə fəaliyyət planı çərçivəsində həyata keçirildi. “Polimer materialların diaqnostik və identifikasiya tədqiqatları” mövzusunda keçirilən bu proqramda polimer materialların və onlardan hazırlanan məmulatların tədqiqi üzrə nəzəri biliklər və metodik yanaşmalar iştirakçılara təqdim olundu.
Sessiyalar zamanı materialların fiziki və mexaniki xüsusiyyətlərinin öyrənilməsi, laborator analizlər, fiziki-kimyəvi xassələrin müəyyən olunması, eləcə də analitik və spektral tədqiqat metodları ətraflı izah edildi. Təlim həm nəzəri, həm də praktik hissələrlə keçirildi. Təlimin sonunda bütün iştirakçılar sertifikatla təltif olundular.