SOCAR POLYMER

BDU-nun Kimya fakültəsi nümayəndələrinin səfəri

Yanvarın 13-də Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin qonaqları – dekan vəzifəsini icra edən Fuad Kərimli, Neft-kimya və kimya texnologiyaları kafedrasının müdiri İbrahim Məmmədov və Makromolekulyar birləşmələr kimyası kafedrasının müdiri Rasim Əlosmanov “SOCAR Polymer” şirkətində olublar. Qonaqlar şirkətin Baş Direktoru Fuad Əhmədov, Baş Direktorun Müşaviri Orxan Həsənov və Rusiyadakı nümayəndəsi Qabil Mikayılovla görüşüblər.

Görüşdə, Fuad Kərimli Azərbaycanda təhsil sahəsindəki islahatlar, habelə BDU-nun elm, təhsil və istehsalın vəhdətini praktikada necə tətbiq etdiyi barədə məlumat verdi. Fuad Əhmədov isə “SOCAR Polymer” layihəsi haqqında danışdı və şirkətin Yay təcrübə proqramının bakalavriat və magistratura pilləsi üzrə təhsil alan tələbələrin kimya və kimya mühəndisliyi sahəsində inkişafının təşviqində rolunu vurğuladı. Görüş iştirakçıları universitetin Kimya fakültəsi ilə qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə etdilər.

Görüşdən sonra qonaqlar istehsalat obyektləri və qurğuları ilə tanış olmaq məqsədilə zavod ərazisində avtobus gəzintisinə çıxaraq PP və HDPE qurğularının müxtəlif sahələrini, Keyfiyyətə Nəzarət Laboratoriyasını və Mərkəzi dispetçer otağını da ziyarət etdilər. Ən müasir avadanlıqla təchiz olunmuş laboratoriya, bütün tədqiqatları həyata keçirən peşəkar kollektiv qonaqlarda gözəl təəssürat yaratdı. Laboratoriya əməkdaşlarının bir çoxunun BDU-da təhsil aldığını öyrənəndə qonaqlar xüsusilə sevindilər.

Laboratoriyanın 37 əməkdaşından 19-u BDU-dan məzun olaraq kimya, kimya texnologiyaları, ekoloji kimyası, tətbiqi kimya, polimer nanomaterialların kimyası və s. istiqamətlər üzrə bakalavr və magistr dərəcələri alıb. Qonaqlardan bəziləri isə universitet illərində həmin əməkdaşların elmi rəhbərləri olub. Sevinc Hacıyeva və Sevil Xəlilova hətta Almaniyanın “Helmholtz Zentrum Munhen” şirkətində Rasim Əlosmanovla birgə elmi araşdırmalar aparıblar. Qonaqlar keçmiş tələbələrinin Azərbaycanın aparıcı kimya sənayesi zavodlarından birində öz bilik və bacarıqlarını tətbiq etdiklərini görməkdən çox razı qaldılar.

Səfərdən xatirə olaraq universitetin professor-müəllim heyətinin nümayəndələri keçmiş tələbələri ilə xatirə fotosu çəkdirdilər.