SOCAR POLYMER

SOCAR Polymer şirkəti gənc tələbələrin peşəkar fəaliyyətə başlaması üçün geniş imkanlar yaradır

Müxtəlif sahələr üzrə bilik və təcrübəyə yiyələnmək istəyənlər üçün, SOCAR Polymer şirkəti tərəfindən təşkil edilən 7 həftəlik Yay Təcrübə proqramına start verilmişdir.

Bu proqram iyul ayının 13-dən avqust ayının 31-dək davam edəcək. 
Yay təcrübə proqramına daxil olmaq üçün dörd mərhələdən ibarət seçim turundan keçmək tələb olunurdu. Ümumi namizədlərin sayı 303 nəfər təşkil edirdi. İlk mərhələ daxil olan CV-lər arasından uyğun namizədlərin seçilməsi, ikinci mərhələ - seçilmiş namizədlərin ingilis dili səviyyəsinin müəyyən edilməsi və üçüncü mərhələ məntiq üzrə imtahandan ibarət idi. Son mərhələdə isə seçilmiş namizədlər texniki mütəxəssislər heyəti tərəfindən keçirilən müsahibədə iştirak etdilər. Bu mərhələləri müvəffəqiyyətlə keçən 13 nəfər namizəd seçildi və proqramda iştirak etməyə dəvət olundu. 
İyul ayının 13-də, seçilmiş namizədlər SOCAR Polymer şirkətinə dəvət olundu, şirkət işçiləri ilə tanış olub, şirkət haqqında hazırlanmış kiçik təqdimatı izlədilər. Daha sonra görəcəkləri işlər barədə məlumat alıb, real layihə üzərində çalışacaqları komanda ilə yaxından tanış oldular.
Təcrübə Proqramı ərzində dərs sessiyaları və Sumqayıt Kimya Sənaye Parkında yerləşən zavodların tikildiyi sahəyə səfərlər təşkil olunacaq və bu tədbirlər zamanı təcrübəçilər SOCAR Polymer işçi heyəti ilə görüşə və mütəxəssislərin fikirləri ilə yaxından tanış ola biləcəklər.