SOCAR POLYMER

“SOCAR Polymer” şirkəti “Interplastica 2022” beynəlxalq sərgisində iştirak edir

Yanvarın 25-dən etibarən Moskva şəhərinin “Expocenter” sərgi mərkəzində polimer mövzusunda Rusiyanın ən böyük sərgilərindən biri olan “Interplastica 2022” sərgisi fəaliyyətə başladı.

 

“SOCAR Polymer”in 1D35 saylı stendi “Expocenter”in 1 nömrəli pavilyonunda yerləşir.

 

Sərgi fəaliyyət göstərəcəyi 4 gün ərzində “SOCAR Polymer” və “SOCAR Rus” şirkətlərinin mütəxəssisləri təklif olunan məhsullar, habelə çatdırılma şərtləri ilə əlaqədar ətraflı məlumat verməyə hazır olacaqlar. Bundan əlavə, polipropilen və yüksəksıxlıqlı polietilenin yeni markaları əsasında istehsal edilmiş hazır məhsul nümunələri də təqdim olunacaq.

 

Son illər ərzində bir çox nailiyyətlərə imza atmış “SOCAR Polymer” şirkəti 2021-ci ildə satış həcmlərini 2 dəfə artıraraq satışdan gəlir göstəricilərini rekord səviyyəsinə çatdırmışdır. Şirkət öz məhsullarını yük maşınları, dəmir yolları və gəmilərlə dünyanın 14 ölkəsinə ixrac etmişdir. Satışlardan əldə edilmiş ümumi gəlirin 252 mln ABŞ dolları həcmində hissəsi ixracın payına düşür ki, bu da 2021-ci ildə qeyri-neft məhsullarının ixracından respublika üzrə əldə edilmiş gəlirin təxminən 10%-ni təşkil etmişdir. 2021-ci ildə SOCAR Polymerin məhsul istehsalı təqribən 44% artaraq 205 min ton təşkil etmişdir.

 

Ənənəvi olaraq, sərgidə plastik və kauçuk istehsalı sektorlarında innovativ məhsul, texnologiya və həllər təqdim edən bir çox Rusiya və xarici şirkətlər iştirak edir.

 

İki illik fasilədən sonra yenidən açılmiş “Interplastica 2022” sərgisi öz ziyarətçilərini təkcə məhsul nümunələrinin müxtəlifliyi və şirkətlərin stendlərində nümayiş etdirilən istismar avadanlıqlarının miqyası ilə deyil, həmçinin işgüzar proqramlar çərçivəsində qaldırılan mövzuların aktuallığı ilə də təəccübləndirəcək.