SOCAR POLYMER

“SOCAR Polymer” şirkətinin PE100 markalı polimerindən hazırlanmış borular Rusiya Federasiyasında laboratoriya sınaqlarından keçdi

“SOCAR Polymer” şirkətinin HM0359PE markalı yüksəksıxlıqlı polietilenindən istehsal edilmiş boru nümunələri uzunmüddətli hidrostatik möhkəmliyinin ekstrapolyasiya üsulu ilə müəyyən edilməsi məqsədilə “АND QazTrubPlast” zavodunun laboratoriyasında “Qruppa POLİPLASTİK” şirkəti tərəfindən təşkil edilmiş laboratoriya sınaqlarından keçirildi. “Qruppa POLİPLASTİK” şirkətlər qrupuna məxsus olan Klimovsk Boru Zavodunun təqdim etdiyi boru nümunələri üzərində 2020-2021-ci illərdə aparılan sınaqların nəticələri göstərir ki, DÜST R 54866-2011 və DÜST ISO 12162(2017)-yə uyğun olaraq bu YSPE markası PE100 kimi təsnif edilir, çünki onun proqnozlaşdırılan hidrostatik möhkəmliyinin aşağı etibarlılıq həddi (LCD) 10,681 MPa təşkil edir. Tələb olunan minimal möhkəmliyi (MRS) 10 MPa təşkil edən HM0359PE markalı polietilen 100 təsnifat nömrəsi altında qeydə alınmışdır.

“Qruppa POLİPLASTİK” şirkətlər qrupu xarici su təchizatı və kanalizasiya, təbii qazın paylanması, isti su təchizatı və istilik şəbəkələri üçün nəzərdə tutulan polimer boru sistemlərinin hazırlanması sahəsində MDB məkanında ən böyük istehsalçıdır. Bu şirkətlər qrupuna Rusiya, Belarusiya və Qazaxıstanda yerləşən təqribən 27 zavod daxildir. Bu zavodların ümumi illik istehsal gücü təqribən 600 min ton məhsul təşkil edir və həmin məhsullar 50-dən çox ölkəyə ixrac olunur. Şirkətlər qrupunun nəzdində dörd akkreditə olunmuş laboratoriya və elmi-tədqiqat institutu fəaliyyət göstərir.

YSPE-nin xüsusilə möhkəm markası hesab olunan PE-100 markalı polietilen istismar zamanı ağır yüklənməyə məruz qalan məmulatların, məsələn, müxtəlif təyinatlı təzyiqli borularının (su, qaz, kanalizasiya və s. üçün), boru magistrallarının quraşdırılması üçün tələb olunan detalların (fittinqlər, kranlar və s.), kimyəvi təsirə dözümlü hava kanallarının və aspiratorların, habelə texniki avadanlıqların yığılması üçün zəruri olan hissələrin və s. məhsulların istehsalı üçün emal olunur.

Plastinfo.ru saytının hazırladığı idxal-ixrac hesabatına əsasən, 2021-ci ilin doqquz ayı ərzində “SOCAR Polymer” şirkətinin Rusiyaya ixrac etdiyi poliolefinlərin həcmi ötən illə müqayisədə 2,4 dəfə artaraq 83,3 min tona çatmışdır.