SOCAR POLYMER

Yaponiya səfirliyinin nümayəndələri SOCAR Polymer zavodlarını ziyarət etdilər

6 mart tarixində Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçi Sumqayıt Kimya Sənaye Parkına işgüzar səfəri çərçivəsində “SOCAR Polymer”in PP və YSPE zavodlarını ziyarət etdi. Səfiri iqtisadi məsələlər üzrə (iqtisadiyyat üzrə) attaşe Ono Masatoşi və səfirin Mədəniyyət, Təhsil və İctimaiyyətlə Əlaqələr üzrə köməkçisi Günel Yüzbaşova müşayiət etdilər.

Cənab Vadanın zavodlarımızı daha yaxından görməsi məqsədilə zavod ərazisinə avtobus gəzintisi təşkil olundu.  Gəzinti ərzində zavod haqqında ümumi məlumat verildi və zavodların “beyni” olan İdarətetmə Otağı  ziyarət olundu.

Gəzintidən sonra əsas konfrans otağında şirkətimizin qısa tanıtım videosu və elektron təqdimat göstərildi və Fuad Əhmədov qonağı şirkətimiz və onun bugünə qədərki uğurları barədə məlumatlandırdı. F. Əhmədov SOCAR Polymer məhsullarının yüksək keyfiyyətə malik olması, Rusiya və Türkiyə kimi böyük bazarlarda kifayət qədər rəğbət görməsi və Avropa məhsulları ilə müqayisədə rəqabətədavamlı olmasını vurğuladı. Eləcə də, görüşdə şirkətin məhsul portfelinin davamlı olaraq yeni rəqabətədavamlı polimer çeşidləri ilə zənginləşdirildiyi qeyd edildi.

Cənab səfir isə öz növbəsində xoş qarşılamadan dolayı öz təşəkkürlərini çatdırdı. Səfir “SOCAR Polymer”in insan resurslarının inkişafına və SƏTƏM təhlükəsizlik fəaliyyətlərinə böyük diqqət ayırmasını yüksək qiymətləndirdi. Bundan əlavə, səfir “SOCAR Polymer” və yapon şirkətləri arasında keçmiş və indiki əməkdaşlıqlar, eləcə də gələcək əməkdaşlıq imkanları ilə maraqlandı.