SOCAR POLYMER

SOCAR Polymer SKSP-in əməkdaşlığı təşviq edən dəyirmi masasında iştirak etdi

İyunun 10-da, şirkətin böyük mühəndis texnoloqları Nizam Zahidli və Cavid Əhmədov Sumqayıt Kimya Sənaye Parkının (SKSP) nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin tədbirində iştirak etdilər. İqtisadiyyat Nazirliyinin dəstəyi və “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin təşkilatçılığı ilə keçirilən tədbir “Universitet-Sənaye Əməkdaşlığı: OSTİM Texniki Universitetinin təcrübəsi” mövzusuna həsr edilmişdi.

Tədbirdə SKSP rezidentləri olan “SOCAR Polymer” MMC, “Azertexnolayn” MMC və “STP” MMC-nin nümayəndələri, habelə Azərbaycan və Türkiyənin aidiyyəti dövlət qurumlarının nümayəndələri, o cümlədən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Türkiyənin Orta Şərq Sənaye və Ticarət Mərkəzi (OSTİM) İdarə Heyətinin sədri Orhan Aydın, OSTİM Texniki Universitetinin rektoru Murat Ali Yülek iştirak etdilər.

 

Tədbirin əsas məqsədləri:

  • ali təhsil müəssisələri ilə sənaye müəssisələri arasında davamlı əməkdaşlığın təmin edilməsi,
  • elmi potensialın sənayedə geniş tətbiqi,
  • sənaye parklarının rezidentlərinin tədqiqat və inkişaf, innovasiya fəaliyyətinin genişləndirilməsi.

 

Azərbaycanda fəaliyyət göstərən sənaye parklarının, Türkiyənin OSTİM Texniki Universitetinin fəaliyyətinə dair videoçarxlar nümayiş olundu. Bildirildi ki, OSTİM bölgələrdə yerləşən texnoparklar vasitəsilə sənaye sektoru ilə əməkdaşlıq edən şəbəkədir.

Tədbir iştirakçıları universitet-sənaye əməkdaşlığının əhəmiyyətini, sənaye sahəsində peşəkar kadrların hazırlanması üçün təcrübə proqramlarının zəruriliyini, və SKSP ilə bir çox yerli və xarici təhsil müəssisələri arasında əlaqələrin qurulduğunu vurğuladılar. SKSP rezidentləri təmsil etdikləri müəssisələrin bir çox ali təhsil ocaqları ilə əməkdaşlığı barədə məlumat verdilər. Bu mövzuda yeni imkanlara dair müzakirələr aparıldı, o cümlədən hər il Azərbaycan Texniki Universitetinin bir neçə tələbəsinin OSTİM Sənaye Bölgəsində təcrübə keçəcəyi qeyd edildi.