SOCAR POLYMER

SOCAR Polymer II Beynəlxalq Tələbə Tədqiqat və Elm Konfransına sponsorluq etdi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən sayca ikinci Beynəlxalq Tələbə Tədqiqat və Elm konfransları çərçivəsində “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının qaliblərinə “SOCAR Polymer” şirkəti tərəfindən hədiyyələr təqdim olundu. Konfransın digər sponsorları arasında BP və “Maire Tecnimont” kimi şirkətlər yer aldı.

“Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransı “Neft-qaz və neft-kimya prosesləri”, “Ekoloji Problemlər və biotexnologiya”, “Bərpa olunan enerji” və “Mütərəqqi materiallar və polimerlər” bölmələrini əhatə etdi. “Mütərəqqi materiallar və polimerlər” mövzusuna 29 elmi iş həsr olmaqla, bütün dörd bölmə üzrə 131 elmi iş təqdim edildi. İştirakçılar 13-16 aprel tarixləri arasında elmi işlərini prezentasiya formasında münsiflər heyəti qarşısında onlayn formatda təqdim etdilər. Elmi işlərin müəllifləri arasında Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Fransız Universiteti, Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetinin, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar, Polimer Materialları, Neft-Kimya Prosesləri və Kataliz və Qeyri-üzvi Kimya İnstitutlarının, eləcə də xarici təhsil müəssisələrinin tələbə və gənc tədqiqatçıları yer aldı.

Digər iki konfrans “Neft-qaz geologiyası və mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi-2021” mövzularını əhatə etdi.