SOCAR POLYMER

SOCAR Polymer cari borcun bir hissəsini yenidən maliyyələşdirmək məqsədilə istiqrazlar buraxmışdır

Fəaliyyətinin yeni mərhələsinə daxil olmuş SOCAR Polymer hazırkı borcunu yenidən maliyyələşdirmək qərarını verərək yerli bazarda struktur olaraq subordinasiya olunmuş istiqrazlar buraxmışdır.

Məlum olduğu kimi, SOCAR Polymer layihəsi (“Layihə”) SOCAR-ın neft-kimya sektorunu modernləşdirmək strategiyasının tərkib hissəsidir.

Layihə Azərbaycanda SOCAR və özəl investorların neft-kimya sahəsində birgə əməkdaşlıq etdiyi ilk layihədir və bu əməkdaşlığın nəticəsində kredit vəsaiti də daxil olmaqla Layihəyə ümumilikdə 864 milyon ABŞ dollarından çox investisiya edilmişdir. Ölkədə qeyri-neft sektorunda ilk dəfə olaraq “Layihə maliyyələşdirilməsi” prinsipi əsasında Layihə xərclərinin təqribən 60%-ni əhatə edən 489 milyon ABŞ dolları həcmində əsas səhmdarların təminatı olmadan “Qazprombank”dan kredit cəlb edilmişdir

Hal-hazırda Zavodlar istismara verildiyindən və tikinti mərhələsi yekunlaşdırıldığı üçün risklər qismən azalmışdır. “SOCAR Polymer”in maliyyələşmə strategiyasının növbəti mərhələsi olaraq, hazırkı borcun bir hissəsini daha aşağı faizli borcla yenidən maliyyələşdirməsinə başlanılmışdır.

Hökumətin yerli maliyyə bazarının inkişafı siyasətini və Layihənin hazırkı mərhələsini nəzərə alaraq, SOCAR Polymer yerli bazarda struktur olaraq subordinasiya olunmuş istiqrazlar buraxmaq və layihəni yenidən maliyyələşdirmək qərarına gəlmişdir.

Yerli banklarla danışıqlar nəticəsində, istiqraz emissiyasının razılaşdırılmış əsas şərtləri aşağıdakı kimidir:

  • Buraxılan istiqrazların məcmu dəyəri: 200,000,000.00 (iki yüz milyon) ABŞ dolları;
  • İstiqrazların tədavül müddəti: ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 5 (beş) təqvim ili;
  • İstiqrazlar üzrə illik faiz dərəcəsi: illik 5% (beş faiz).

Emissiya prosesinin keçirilməsi üçün anderrayter PSG-Kapital İnvestisiya Şirkəti, GPB- Financial  Services     və   PAŞA  Kapital  İnvestisiya   Şirkəti  seçilmişdir.   PSG-Kapital İnvestisiya Şirkəti və PAŞA Kapital İnvestisiya Şirkəti yerli bankların cəlb edilməsi üçün maliyyələşdirmənin strukturlaşdırılmasında, GPB-Financial Services isə xarici bankların cəlb   edilməsi   və   mövcud   borc  şərtləri   nəzərə   alınmaqla   maliyyələşdirmənin strukturlaşdırılmasında iştirak etmişdir. İstiqrazların buraxılışı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 19 iyun 2020-ci il tarixində qeydiyyata alınmış və hal-hazırda istiqrazlar tam olaraq yerləşdirilmişdir.