SOCAR POLYMER

SOCAR Polymer aztəminatlı ailələrə Novruz sevinci bəxş etdi

2016-cı ildə əsası qoyulmuş ənənəyə sadiq qalaraq, SOCAR Polymer şirkəti hər il Sumqayıt İcra Hakimiyyəti və Qızıl Aypara Cəmiyyətinin (QAC) Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə keçirilən xeyriyyə tədbirlərində iştirak etdi.

Bu il də şirkətimiz ölkəmizdəki koronavirus təhlükəsinə baxmayaraq Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin təşkil etdiyi Novruz bayramı şənliklərinə öz töhfəsini verdi. Yoluxma riskini azaltmaq üçün tədbirin format dəyişildi və şənlik olan qismi çıxarıldı. “SOCAR Polymer”lə yanaşı Ordubad market, Paşa Sığorta və Paşa Həyat Sığorta da tədbirə sponsorluq edirdilər.

Xeyriyyə tədbiri çərçivəsində ümumilikdə 430 ailə bundan yararlana bildi. SOCAR Polymer şirkəti 180 ailə üçün Novruz ərzaq səbətləri təşkil etdi və səbətlər ictimaiyyətlə əlaqələr üzrə kiçik mütəxəssis Bəxtiyar Allahverdiyev tərəfindən dəvət olunan ailələrin nümayəndələrinə təqdim olundu. Hər bir səbətdə Novruz bayramını təntənəli qeyd etmək üçün dadlı yemək hazırlamağa imkan verəcək 5 müxtəlif adda ərzaq var idi.

Tədbirin açılışında QAC-ın Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova tədbir iştirakçılarını qısaca salamladı, və sponsor şirkətlərə həm öz, həm də könüllülərinin ən ülvi arzu və minnətdarlıqlarını dilə gətirdi. Ailələr isə öz növbəsində tədbirin təşkilatçı və sponsorlarına təntənəli bahar bayramında göstərilən qayğı və diqqətə görə təşəkkürlərini ifadə etdilər.

Tədbirdə iştirak edə bilməyən yataq xəstələrinə bayram sovqatları QAC könüllüləri tərəfindən evlərində təqdim olundu.