SOCAR POLYMER

Neftçi Mühəndislər Cəmiyyətinin 15 üzvü “SOCAR Polymer”də

Fevral ayının 7-də Neftçi Mühəndislər Cəmiyyətinin 15 üzvü, Bakı Ali Neft Məktəbi, Azərbaycan-Fransız Universiteti və Azərbaycan Neft və Sənaye Universitetinin 2, 3 və 4-cü kurs tələbələri SOCAR Polymer zavodlarına texniki səfər ediblər.

Səfər İnsan Resursları təlim və inkişaf komandasının rəhbəri Nərgiz Səlimovanın təqdimatında SOCAR Polymer şirkəti haqqında ümumi məlumat verilməsi ilə başlayıb. Təqdimatda şirkətin quruluşu, inkişaf planı və hazırkı vəziyyəti barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb. Nərgiz Səlimova çıxışında qeyd edib ki, şirkətimiz yerli kadrların yetişdirilməsində müstəsna rol oynayır, habelə 2019-cu il “Yay Təcrübə” proqramı çərçivəsində 1400-dən çox müraciət qeydə alınmış, onlardan yalnız 29-u proqramın qalibi adını qazanmaqla təcrübədə iştirak etməyə haqq qazanmışdır. 8 həftəlik proqram sonunda 29 nəfərdən 22-si şəxsi keyfiyyətləri, nümayiş etdirdiyi bilik və bacarıqlar, eləcə də xətti menecerlərinin rəyi əsasında daimi işlə təmin olunmuşdur. Ümumi məlumatlandırmadan sonra SƏTƏM komandasının qrup administratoru Natəvan Məmmədova tələbələrə “SOCAR Polymer”in SƏTƏM siyasəti, zavod ərazisində yarana biləcək ümumi təhlükələr və onlarla mübarizə yolları, təhlükəsiz iş qaydaları və metodları, həmçinin təhlükəsizlik texnikası və onlardan istifadə üsulları barədə giriş təlimatı verdi. Bütün iştirakçılar fərdi mühafizə vasitələrlə təmin olundular.

Səfərin son hissəsi iştirakçıların əməliyyatlar üzrə menecer Rauf Davudov və kiçik emal mühəndisi Fərid Əliyevin müşayiətilə zavod ərazisi ilə ümumi tanışlığı ilə yekunlaşdı. Polipropilen və Yüksəksıxlıqlı polietilen reaktorları, idarəetmə otağı və laboratoriya şöbəsi ilə yaxından tanış olan iştirakçıların texnoloji proseslərlə bağlı çoxsaylı sualları R. Davudov və F.Əliyev tərəfindən cavablandırılmışdır.

Texniki səfər sonunda təəssüratlarını bölüşən NMC Bakı Ali Neft Məktəbi bölməsinin müavini Rəşad Əhmədov səfərin tələbələrdə xoş təəssürat oyatdığı, SOCAR Polymer adının tələbələr arasında kifayət qədər populyar olduğu və tələbələrin gələcək karyera planlarında “SOCAR Polymer”in əsas hədəflərdən biri olacağına şübhə etmədiyini vurğuladı.