SOCAR POLYMER

Fransa səfirliyinin nümayəndələri və transmilli fransız şirkət rəhbərləri SOCAR Polymer zavodlarını ziyarət etdilər

Fevralın 21-də Fransa Respublikasının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri cənab Zakari Qrosun rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkına səfəri çərçivəsində “SOCAR Polymer”in Polipropilen və Yüksəksıxlıqlı polietilen zavodlarını ziyarət etdi.

Fransa səfirini iqtisadi məsələlər üzrə müşavir Serj Krebs, iqtisadi məsələlər üzrə attaşe Teofil Pastre, ikinci katib Frederik Devos, Total şirkətinin Azərbaycan üzrə icraçı direktoru Rejis Aqü, “Schneider Electric” şirkətinin Mərkəzi Asiya regionu üzrə ölkə baş meneceri Dan Vlaseanu və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası icraçı direktoru Zibər Hüseynova müşayiət edirdilər.

Qonaqları salamlayan Fuad Əhmədov cənab səfir və digər qonaqları zavodda görməkdən məmnun olduqlarını dilə gətirdi və onları SOCAR Polymer haqqında tanıtım videosuna baxmağa dəvət etdi. Zavod haqqında ümumi məlumat verən Fuad Əhmədov qeyd etdi ki, SOCAR Polymer layihəsi maliyyələşdirmə prinsipinə görə Azərbaycan regionu üçün unikaldır və Polipropilen və Yüksəksıxlıqlı polietilen zavodları gün ərzində 800 ton polimer istehsal etmək gücünə malikdir.

Əsas məhsulun Türkiyə bazarına ixrac edildiyini ifadə edən Fuad Əhmədov, ümumilikdə Rusiya, Belarus, Ukrayna və bəzi Şərqi Avropa ölkələrinin daxil olduğu 10 ölkəyə ixracın reallaşdırıldığını qeyd etdi və son olaraq, bu siyahıya Çin və Tayvanın da qoşulduğunu əlavə etdi. Cənab səfirin “Uğurlu olmağınızın səbəbini nədə görürsünüz?” sualına isə ortalama yaşın 32 olduğu gənc və dinamik kollektivdən təşkil olunan komandaya sahib olmaq və ən çox investisiyanın yerli mütəxəssislərin dünya standartlarına uyğun təlimlər almasına qoymaq olaraq qiymətləndirdi. Həmçinin, layihənin uğurunda əsas səbəblərdən biri kimi Sumqayıt Kimya Sənaye Parkının rezidenti olmaq məsələsinə də toxunan Fuad Əhmədov, parkın təqdim etdiyi infrastruktur dəstəyi, 10 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən, 7 il müddətinə isə idxal olunan avadanlıq və qurğuların ƏDV-dən azad olunması sayəsində təqribən 100 milyon dollar büdcəyə qənaət etdiklərini vurğuladı.

Cənab Zakari Qros isə öz növbəsində Fuad Əhmədov və kollektivini həm öz, həm də heyəti adından salamladı. SOCAR Polymer layihəsinin Azərbaycanın, və ümumilikdə Cənubi Qafqaz regionunun neft-kimya potensialını artırmasına xidmət etdiyini qeyd edən cənab səfir, gənc və dinamik kollektivdən təşkil olunmuş komandanın dünya miqyasında uğurlu layihəyə imza atmasını məmnunluqla qarşılaşdıqlarını qeyd etdi. Cənab Z. Qros həmçinin əlavə etdi ki, fransız iş adamları Azərbaycan şirkətləri ilə əməkdaşlıq etmək və investisiya yatırmaq mövzusunda olduqca maraqlıdırlar.

Rəsmi görüşdən sonra qonaqlar kiçik emal mühəndisi Fərid Əliyevin müşayiətilə təşkil olunan avtobus gəzintisində Polipropilen və Yüksəksıxlıqlı polietilen zavodlarını daha yaxından görmək imkanı qazandılar.