SOCAR POLYMER

SOCAR Polymer ümumxalq təşəbbüsə qoşuldu

“SOCAR Polymer” şirkətinin 100-ə yaxın işçisi mütəşəkkil qaydada toplaşaraq şirkətə məxsus zavod ərazisinin boş sahəsində 1500 ədəd cavan ağac əkdilər. Olduqca xeyirli məqsədi olan bu tədbirdə həvəslə iştirak etmiş işçilər Azərbaycanın təkcə sənaye və iqtisadiyyatının inkişafına deyil, həm də təbiətinin qorunmasına xidmət etdiklərini sevə-sevə nümayiş etdirdilər.

Bu tədbir Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və 650000 ağacın əkilməsini nəzərdə tutan geniş layihə çərçivəsində həyata keçirildi. Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bu layihədə onlarla şirkət iştirak etdi.

“SOCAR Polymer” boş sahələrin yaşıllaşdırılması və Sumqayıtın abadlaşdırılması məqsədilə irəli sürülən təşəbbüslərə qoşulmağa daim hazırdır. Təbiətin qorunması “SOCAR Polymer” zavodlarının layihələndirildiyi və inşa edildiyi ilk gündən şirkətin əsas şüar və məqsədlərindən biridir. Ətraf mühit və yaxın yaşayış əraziləri üçün risk kəsb edən bütün amillərin aşkarlanaraq nəzərə alınması məqsədilə “SOCAR Polymer” dünya şöhrətli “Golder Associates” şirkəti ilə əməkdaşlıq qurmuşdur. Buna əlavə olaraq, zavodların müasir istehsalat texnologiyası karbohidrogenin bir neçə mərhələdə təkrar istifadəsindən sonra qalıqsız yandırılmasını təmin edir və zərərli tullantıların atmosferə atılmasını əngəlləyir.