SOCAR POLYMER

ABŞ səfirliyinin nümayəndələri SOCAR Polymer zavodunu ziyarət etdilər

4 sentyabr, 2019-cu ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycan səfirliyinin nümayəndələri SOCAR Polymer şirkətində rəsmi səfərdə oldu. Səfər çərçivəsində səfirliyin iqtisadi şöbəsinin müdir müavini Maykl Rusek və iqtisadi məsələlər üzrə məsləhətçi Yusif Abasov şirkətin baş direktor müavini Fuad Əhmədovla görüşdü. Görüşdə Fuad Əhmədovu şirkətin maliyyə direktoru Rauf Quliyev, əməliyyatlar üzrə meneceri Rauf Davudov, keyfiyyət təminatı və keyfiyyətə nəzarət üzrə meneceri Tamara Məhərrəmova, texniki xidmət üzrə meneceri İan Spensli və SƏTƏM üzrə meneceri Əlövsət Cəfərov müşayiət etdi.

Qonaqlar şirkətin ümumi tanıtım videosu ilə tanış olduqdan sonra Fuad Əhmədov qeyd etdi ki, 2015-ci ildə prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş təntənəli təməlqoyma mərasimindən sonra 38 ay ərzində Polipropilen və Yüksəksıxlıqlı polietilen zavodları açılmış və istehsala başlamışdır. Fuad Əhmədov həmçinin vurğuladı ki, SOCAR Polymer layihənin maliyyələşdirilməsi baxımından Azərbaycanda unikal bir təşəbbüsdür və ümumilikdə fəaliyyəti ərzində 6.3 milyard dollar gəlirin əldə edilməsi planlaşdırılır, hansı ki 30%-i xalis qazanc olacaqdır. Fuad Əhmədov əlavə etdi ki, SOCAR Polymer artıq Türkiyə, Rusiya, Ukrayna və Belarusa 70000 tona yaxın polipropilen ixrac etmişdir və yaxın gələcəkdə bu göstəricinin artması gözlənilir.

Maykl Rusek isə öz növbəsində Azərbaycanda SOCAR Polymer kimi unikal layihələrin həyata keçirilməsinin regiondakı qeyri-neft sektorunun inkişafında və enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətini vurğuladı. Cənab Rusek həmçinin əlavə etdi ki, SOCAR Polymer yerli mütəxəssislərin inkişafı və işlə təmin edilməsi baxımından əvəzolunmaz missiyanı öz üzərinə götürmüşdür.

Rəsmi görüşdən sonra səfirlik nümayəndələri Rauf Davudovun müşayiətilə təşkil olunan avtobus gəzintisində Polipropilen və Yüksəksıxlıqlı polietilen zavodlarını daha yaxından görmək imkanı əldə etdilər.