SOCAR POLYMER

“Yaşıl Enerjinin İdarə olunması” üzrə Beynəlxalq Yay Məktəbinin iştirakçıları “SOCAR Polymer”də texniki səfərdə olublar

Bakı Ali Neft Məktəbi və İtaliyanın Milan-Bikokka Universitetinin birgə təşkilatçılığı, həmçinin İtaliyanın Azərbaycandakı səfirliyi və “Maire Technimont” Şirkətlər Qrupunun dəstəyi ilə “Yaşıl Enerjinin İdarə OlunmasıDayanıqlı ətraf mühit üçün enerji həlləri” mövzusunda reallaşdırılan Beynəlxalq Yay Məktəbinin iştirakçıları layihə çərçivəsində “SOCAR Polymer”də texniki səfərdə olublar. 23 sentyabrda gerçəkləşən səfərdə ümumilikdə İtaliya, Birləşmiş Krallıq, Almaniya, İspaniya, İsveç, İsveçrə, Belçika, Rumıniya, Qazaxıstan və Azərbaycan kimi ölkələrin təmsilçiləri daxil olmaqla, 45-ə yaxın iştirakçı “SOCAR Polymer”də ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf modellərin tətbiqi ilə bağlı həyata keçirilən işlərlə tanış olmaq imkanı qazanıblar.

İştirakçılar qarşısında “SOCAR Polymer”in əməliyyatlar üzrə meneceri Rauf Davudov, SƏTƏM-in ətraf mühit üzrə qrup rəhbəri Kamran Babayev və emal mühəndisi Orxan Həsənov uyğun olaraq, aparılan əməliyyatlar, ətraf mühitin qorunması və proseslərin davamlı inkişaf modelinə görə dizaynı mövzusunda çıxış ediblər. Kamran Babayev çıxışında vurğulayıb ki, bütün proseslər beynəlxalq “Equator” prinsiplərinə əsasən reallaşdırılır və şirkət hava və su təmizliyinə riayət etmək üçün qabaqlayıcı tədbirlər həyata keçirir. Təqdimatın sonunda iştirakçıların çoxsaylı sualları Orxan Həsənov tərəfindən cavablandırılıb.

Təqdimatdan sonra iştirakçılar kiçik emal mühəndisləri Fərid Əliyev və Toğrul Nəsirovun müşayiətilə təşkil olunan avtobus gəzintisində Polipropilen və Yüksəksıxlıqlı Polietilen zavodlarını daha yaxından görmək imkanı qazandılar.