SOCAR POLYMER

Azərbaycan ilk propileni ixrac edir

“SOCAR Polymer” şirkətinin salnaməsində daha bir əlamətdar hadisə baş verdi. Həmin gün şirkətin Sumqayıtdakı Polipropilen zavodunda istehsal edilmiş polimer məhsulları ilə dolu birinci yük maşınları Azərbaycanın ilk ixrac propilenini xarici bazarlara çatdırmaq üçün yola düşdü. Regionda analoqu olmayan “SOCAR Polymer” zavodunda istehsal olunmuş 170 ton polipropilen Türkiyə bazarına yola salındı. Sumqayıtdakı “SOCAR Polymer” Zavoduna dəvət edilmiş kütləvi informasiya vasitələrinin nümayəndələri polipropilen kisələri ilə dolu paletlərin uzun mənzilli yük maşınlarına yüklənməsinin şahidi oldular. “SOCAR Polymer” MMC-nin Baş Direktoru Fərid Cəfərov jurnalistlərə verdiyi müsahibədə dedi: “Əsas ixrac prioriteti - Türkiyə bazarıdır. Bundan başqa, məhsullarımızı Rusiya və Avropa bazarlarına da ixrac etmək niyyətindəyik. Türkiyə və Rusiyadan ilkin sifarişlər artıq qəbul edilmişdir”. Bizim hesablamalarımıza görə, “SOCAR Polymer”in ixrac etdiyi məhsullar ölkənin qeyri-neft sektorundan əldə edilən gəlirin təqribən 16%-ni təşkil edəcək. Məhsullarımızın illik satış dövriyyəsi təqribən 350 milyon ABŞ dolları təşkil edəcək”. “Bu ilin iyul ayında ölkə başçımızın və İtaliya prezidentinin iştirakı ilə “SOCAR Polymer”in Polipropilen zavodu istismara verildi, bu gün isə "SOCAR Polymer"in istehsal etdiyi ixrac məhsulunun ilk partiyasını Türkiyəyə göndərir. Siz bilirsiniz ki, istehsal müəssisələrinin ixracyönümlü olması ölkəyə valyutanın daxil olması üçün zəmin yaradır. Bu da, əlbəttə, iqtisadiyyatın inkişafı üçün çox vacib bir amildir”, - deyə Sumqayıt Kimya Sənaye Parkı MMC-nin Direktoru Nazim Talıbov vurğuladı. Beləliklə, “Made in Azerbaijan” brendi ilə daha bir məhsul dünya bazarına çıxarıldı. İlin sonunadək 15 min ton polipropilenin ixracı planlaşdırılır. Daxili ehtiyacın da bir qismi qarşılanacaq. İlkin planlara görə, 129 marka polimer istehsal edə bilən “SOCAR Polymer” zavodlarında 10 növ polipropilen və 4 növ yüksək sıxlıqlı polietilen istehsal olunacaq. Bir çox kiçik və orta müəssisələr bu məhsullardan xammal kimi istifadə etməklə “SOCAR Polymer” zavodlarının ətrafında sənaye klasteri yaradacaq. Qafqazın ən böyük kimya kompleksi olan “SOCAR Polymer” zavodunda hazırlanan məhsullar ildə 130 milyon ABŞ dolları həcmində idxalı əvəzləyəcək. Ötən bir ayda zavodda 6 min tondan artıq polipropilen istehsal edilib. Polimer xammalı yüngül və ağır sənayenin müxtəlif sahələrində, o cümlədən məişət və tibb təyinatlı, tekstil, habelə inşaat mallarının istehsalında istifadə oluna bilər. Hazırda müəssisənin məhsullarına dünyada, xüsusilə də Avropada böyük ehtiyac var. Ona görə də, xarici bazarlardakı boşluğu doldurmaq üçün “SOCAR Trading” şirkəti araşdırmalarını davam etdirir. İlk mərhələdə Türkiyə şirkətlərinin sifarişləri yerinə yetirilir. Bu da təsadüfi deyil, çünki Türkiyə Çindən sonra dünyanın ən çox polipropilen idxal edən ikinci ölkədir. KİV nümayəndələri bu hadisəni həm onlayn, həm də mətbuatda yaxşı işıqlandırmışlar. Aşağıdakı linklə şəbəkəyə daxil olaraq müvafiq video-süjetə tamaşa etmək olar: https://www.youtube.com/watch?v=OwHTCqUd8g4