logo
ENGRUS

100 Sumqayıtlı uşağa yeni il hədiyyələri paylandı

SOCAR Polymer şirkəti Sumqayıt şəhərinin aztəminatlı ailələrinin uşaqlarının heç olmasa bir qismi üçün qış fəslini daha xoş etmək məqsədilə onlara isti geyimlərdən ibarət olan Yeni il hədiyyələri bağışladı. Hədiyyə bağlamaları Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi tərəfindən tərəfindən ənənəvi olaraq “Mərhəmətli olmağa tələsin” şüarı altında təşkil edilən xeyriyyə tədbirində paylandı.

İsti geyimə ehtiyacı olan 100 uşağın siyahısı QAC Sumqayıt şəhər bölməsi tərəfindən Sumqayıt şəhəri təhsil müəssisələrinin rəhbərləri ilə danışıqlar əsasında hazırlandı. Siyahı əsasən aztəminatlı, hər iki valideynini itirmiş və ya tək ana himayəsində olan, eləcə də çoxuşaqlı ailələrin uşaqlarından təşkil olunmuşdu. İsti gödəkçə, sviter, şalvar, papaq və əlcək alındı və şirkətimizin Təchizat və İctimaiyyətlə Əlaqələr komandaları tərəfindən çeşidləndi.

İlk öncə Yeni il ərəfəsində planlaşdırılmasına baxmayaraq, COVID-19 ilə əlaqədar məhdudiyyətlər səbəbilə tədbir təxirə salındı. Daha sonra isə 11 yanvarda ailələr müxtəlif saatlarda olmaq şərtilə hədiyyə bağlamalarını almaq üçün inzibati binaya dəvət olundu.

“SOCAR Polymer”in İctimaiyyətlə Əlaqələr üzrə kiçik mütəxəssisi  Bəxtiyar Allahverdiyev tədbir iştirakçılarını salamladı və şirkətimiz adından ən xoş arzularını bildirdi. QAC Sumqayıt şəhər bölməsi sədri Mətanət Məhərrəmova isə öz növbəsində həm QAC ailəsi, həm də iştirakçılar adından təşəkkür etdi və qeyd etdi ki, SOCAR Polymer artıq 4 ildir ki, bu xeyriyyə aksiyasına qoşulur və bu zaman ərzində yüzlərlə ailəni sevindirməyə nail olub. Tədbirin sonunda nümayəndəmizə Sumqayıt icmalarına və uşaqlarına dəstəkdən dolayı SOCAR Polymer baş direktoru Fuad Əhmədov adına təşəkkürnamə təqdim edildi.

Tədbirdə iştirak edə bilməyən ailələrə isə bağlamalar QAC Sumqayıt şəhər bölməsi könüllüləri tərəfindən evlərində təqdim olundu.